Agent əməliyyatları
Agent əməliyyatları – bir tərəfin (agentin) tabeliyində olmadığı digər tərəfin (prinsipalın) hesabına və onun adından əmtəələrin, aktivlərin, yaxud onlara olan hüququn müəyyən ərazidə satılması və ya alınması ilə bağlı həyata keçirdiyi ticarət-vasitəçilikdən ibarət faktiki və hüquqi hərəkətlər. Agent əməliyyatları agent sazişi – agentlə prinsipal arasında onların qarşılıqlı hüquqları və vəzifələri barəsində yazılı şəkildə bağlanmış müqavilə əsasında icra edilir. Müqavilədə təmsilçi, komisyonçu, müvəkkil və yaxud alıcı kimi göstərilən agentin iş şərtləri, həmçinin vasitəçiliyə görə ona veriləcək haqqın (qonorarın) ödəniş forması, üsulu və miqdarı şərtləndirilir. Sənəd də həmçinin tərəflərin öhdəlikləri yerinə yetirmələrinin sferası, xarakteri və qaydası; sazişin fəaliyyət müddəti, tətbiq edilən sanksiyalar və mübahisələrin həlli qaydaları göstərilir. Prinsipal agentə verilən səlahiyyət hüququnun, həmçinin məhsulun qiyməti, reklamı və satışı üzrə məhdudiyyətlərin hədlərini, zəruri olan minimum dövriyyəyə görə mükafatın ölçüsünü göstərməyə borcludur. Məhsulların təhvil verilməsi, anbarda saxlanması, çatdırılması müddəti və üsullarına aid qaydaları, təminat möhləti və mənimsəmə dövründə xidmət göstərilməsi qaydalarını da prinsipal müəyyən edir. Agent müqavilənin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslə subagent müqaviləsi bağlamaq hüququna malikdir, lakin subagentin hərəkətlərinə görə prinsipal qarşısında özü cavabdehdir. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən agentlər, bir qayda olaraq, ayrı-ayrı tapşırıqların icrası üzrə ixtisaslaşırlar. Dövlət orqanları onların fəaliyyətini əksər hallarda lisenziyalaşdırır və nəzarətdə saxlayır.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).